Fevral, 22/25 | Vüsal Məmmədovun yazısı

// İndi özün fikir ver bu iki siyasətə...

    Fevral, 22/25   | Vüsal Məmmədovun yazısı
  17 Fevral 2025    Oxunub:1126
2025-ci ilin fevrlanda Panama prezidenti Xose Raul Mulino ABŞ-nin dövlət katibi Marko Rubio ilə görüşəndən sonra bəyan etdi ki, ölkəsi Çinin “Bir kəmər – bir yol” layihəsində iştirakını dayandırır. Niyə? Nə oldu? “Nə imiş hambalın suçu?”
“Buradan təsadüfən keçən bir qoçu” – yəni ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Çinin Panama kanalındakı mövcudluğu ona ləzzət eləmir. Buna görə də kanalı Panama hökumətindən geri almağı düşünür. Panama bir neçə etiraz bəyanatından sonra səsini içinə salıb, Çinlə əməkdaşlığı sakitcə dayandırdırdı.

2022-ci ilin fevralında Rusiya bütün mümkün kanallarla bəyan edirdi ki, Ukraynanın NATO-ya qoşulması onu narahat edir və heç bir şəkildə sərhədlərinin yaxınlığında Alyansın raketlərinin yerləşdirilməsinə imkan verməyəcək. Cavabında Kiyev bütün vasitələrlə deyirdi ki, “Get, aşığını at, hansı quruma üzv olmaq mənim öz işimdir”.

2025-ci ilin fevralında Panama ABŞ-a eyni tərzdə deyə bilərdi ki, “get, aşığını at, hansı ölkə ilə əməkdaşlıq etmək mənim öz işimdir” . Çinin “Bir kəmər – bir yol” layihəsində 149 ölkə iştirak edir. Panamanın ora qoşulması haqda memorandum 2017-ci ildə imzalanıb. Bu layihədə heç bir hərbi niyyət yoxdur, söhbət ancaq ticarət infrastrukrturunun və logistikanın təkmilləşdirilməsindən gedir. Panamanın orada iştirakı ABŞ-ni niyə narahat etməlidir?

2022-ci ilin fevralında Ukraynanı gələcək üzvü kimi gördüyünü açıqlayan NATO hərbi blokdur. O, Ukrayna ərazisində silah sistemləri yerləşdirəndə “təhdid balansı”nı pozurdu. Rusiyanın buna etiraz etməsi normal, məntiqli və təbii idi. 2025-ci ilin fevralında ABŞ-nin Panamanın Çinlə əməkdaşlığına etiraz etməsində isə normal, məntiqli və təbii heç nə yox idi.

Buna baxmayaraq, 2025-ci ilin fevralında Panama Çinlə ticarət əməkdaşlığını dayandırdı, 2022-ci ilin fevralında Ukrayna acığa düşüb, NATO ilə bir az yaxınlaşdı.

Belə bir ssenarini təsəvvür edin: Panama ABŞ-a cavab verir ki, Çinlə əməkdaşlıq onun suveren hüququ, öz işidir. Buna heç kim qarışa bilməz. Verə bilərdimi? Nəzəri cəhətdən bəli. Niyə vermədi? Çünki prezident Mulino axmaq deyil.

2022-ci ilin fevralında hadisələrin müharibəyə doğru getdiyi kor-kor, gör-gör idi. Əgər Ukrayna hakimiyyəti bəyan etsəydi ki, NATO ilə əməkdaşlığa, məsələn, moratorium qoyulur, bununla bağlı Rusiyanın narahatlığı diqqətlə öyrəniləcək, ən azından, həmin vaxt hücum olmayacaqdı. Amma tam əksi baş verdi. Niyə? Çünki prezident Zelenski... (özünüz nəticə çıxarın)

Dövlətə rəhbərlik edən şəxslərin işi riskləri diqqətlə araşdırmaq və idarə etmək, ona uyğun olaraq, ölkələri üçün optimal qərarlar verməkdir. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücum riski maksimum idi. Bunu azaltmaq üçün Moskva ilə dialoqa getmək tələb olunurdu. Zelenski isə ABŞ-yə arxalanaraq Rusiya ilə öcəşmək yolunu tutdu. Amma 2025-ci ilin fevralında Mulino Çinə söykənərək ABŞ ilə öcəşmək yolunu tutmadı.

Ortada iki eyni vəziyyət, amma iki tamam fərqli davranış var. Bunların hansı doğrudur? Panama, yoxsa Ukrayna variantı? Zelenskinin, yoxsa Mulinonun etdiyi?
İndi özün fikir ver bu iki siyasətə, daha heç nə demirəm, nöqtə, nöqtə və nöqtə...

Vüsal Məmmədov
AzVision.az


Teqlər: Hərb-və-sülh  





Xəbər lenti